1 ... 34 35 36 37 38 39 40 41 ... 87

132-ci xütbə - Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin

səhifə38/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

132-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir.

Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün.1 Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).

Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir


Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).

133-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir.

Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar.1 Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər.


Bu xütbənin (Qur’ani-Kərimin əzəməti barədə)
bir hissəsidir


Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər).

Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi)
bir hissəsidir


Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.

Bu xütbədən (dünyanı görmək və axirəti istəmək barəsində) bir parçadır


Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar).

Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir


Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qur’ani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Qur’anın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm.

134-cü xütbə


İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır. Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən).

135-ci xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: «Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm».1 Sonra İmam əleyhis-salam ona buyurdu:

Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu!2 Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur və zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir və yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin.


136-cı xütbə


İmam Əli əleyhis-salamın (bey’ətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.

Sizin mənimlə bey’ətiniz fikirləşmədən və düşüncəsiz deyildi.3 Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin burnuna həlqə keçirib cilovunu çəkdikləri kimi) burnunun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım).



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?